среда, 28 июня 2017 г.

SULTAN MAHMUD VƏ BİRUNİ.



                                                                                         
                          Əbu Reyhan Biruni

                                                            Elm teşnəsi

Ömrü 77 yaşa çatmış bir qoca yataqda xəstə halda, həyatının son anlarını yaşayırdı. Bədəni zəifləmiş, vücud çırağı isə sönmək üzrə idi. Yaxınları yaşlı gözlərlə onun halını nigarançılıqla seyr edirdilər. Nəfəs çəkməsi artıq tövşəməyə çevrilmişdi, alim və fəqih dostu Əbul-Həsən Əli ibn İsa kədərlə onun yatağına yanaşıb əlini nəvazişlə onun başına və üzünə çəkirdi.
Xəstə qoca qırıq-qırıq kəlmələrlə öz alim dostundan soruşdu:
-Bir vaxt mənə “hesab ciddat fasid”dən demişdin, bir də təkrar et, görüm necə idi?
-Ey əziz dostum! Belə xəstə və zəif halında bu sualın nə lüzumu vardır?
Xəstə narazı halda cavab verdi:
-Ey kişi! Bu ikisindən hansı yaxşıdır-bu məsələni bilib ölməyim, ya cahil halda vəfat etməyim?
Fəqih Əbul-Həsən Əli ibn İsa o məsələni yenidən açıqladı və yerindən qalxıb xəstə dostunu tərk etdi. O, bir neçə addım aralanmışdı ki, evdən şivən səsləri yüksəldi, tələsik    geri gayıtdı. Xəstə qoca artıq dünyasını tərk etmişdi. Hətta ölüm yatağında da elm susamışı olan bu şəxs Əbu Reyhan Biruni idi.
SULTAN MAHMUD VƏ BİRUNİ 
Birunı Qəznədə olanda sultan Mahmudun hüzuruna gəldi Sultanın ətrafındakılar ona dedilər: “Əbu Reyhan  nücüm elmində elə dərəcəyə çatıb ki, ona heç nə qaranlıq deyil.” 
Sultan Mahmud dedi: “Hər şeyə agah olan yalnız Allahdır.” 
Biruni dedı: “Əgər sultanın şübhəsi varsa, gizli fəzilət və bacarığı üzə çıxarmaq üçün imtahan etsin.” 
Sultan qəzəblə dedi: ”Ürəyimdə olan bir fikri tap və de görüm, mən bu qəsrin hansı qapısından çıxacam.” 
O sarayın 12 qapısı var idi. Biruni üstürlab (astronomik cihaz) götürüb, məsələni orada məlum edib cavabı tapdı və onu kağıza yazıb dedi: ”Cavabı tapdım və kağıza yazdım.”
Sultan əmr etdi, qəsrin qarşıdakı divarını uçurtdular və oradan bayıra çıxdı.  
Sonra qayıdıb Birunidən kağızı göturüb oxudu. O yazmışdı: “Sultan heç bir qapıdan çıxmayacaq, qarşı divarın yarığından çıxacaq.”
Sultan bunu oxuduqda daha da qəzəbləndi və Birunini imarətin üstündən yerə atmağı əmr etdi. Sultanın vəzirlərindən biri onun çox qəzəbləndiyini görüb bildı ki, heç kimin şəfaətini qəbul etməyəcəkdir. Buna görə də gizlicə göstəriş verdi ki, imarətin aşağısına pambıq və sair yumşaq şeylər töksünlər ki, Biruninin yerə atsalar o sağ- salamat qalsın.
Bir neçə gündən sonra Sultan Mahmud öz gördüyü işə peşiman oldu.
Vəzir dedi: “Əgər sultan zaman versə Birunini hüzuruna gətirərəm.”
Sultan cavab verdı:”Məgər onu damdan aşağı atmadınız?”
Vəzir dedi: Biz bildik ki, siz çox əsəbləşibsiniz və şəfaəti qəbul etməyəcəksiniz. Çarəni bunda gördük ki, imarətin aşağısına pambıq tökək. Həm sizin əmriniz yerinə yetirilsin,  həm də alim insan biçarə yerdə məhv olmasın.
Sultan bu işdən razı qaldı  və göstəriş verdi ki, Birunini onun hüzuruna gətirsinlər.
Əbu Reyhan Biruni Sultanın hüzuruna gəldi.
 Sultan dedi: ”Əgər istəyirsən Sultan səndən razı qalsın, gərək onun sözünə uyğun söz danışasan, öz elminə müvafiq yox.” Sonra Birunidən üzr istədi.